IQNA

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoyub

6:03 - April 20, 2024
Xəbər sayı: 3495808
İQNA – ABŞ, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsinə veto qoyub.

"TRT Xəbər"-in verdiyi məlumata görə, Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb.

ABŞ-ın “xeyr” səs verdiyi qanun layihəsinə 12 “bəli” və 2 “bitərəf” səs verilib.

Britaniya və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” səs verib.

Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç birinin “xeyr” deməməsi və ümumilikdə 9 “bəli” səsinin alınması lazım idi.

Qətnamə layihəsinin mətnində bu ifadə yer alırdı: “Fələstinin BMT Baş Assambleyasının tamhüquqlu üzvü kimi qəbul edilməsi tövsiyə olunur”.

Fələstinin üzvlük müraciəti

Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. Fələstin 2012-ci ildə BMT-də “daimi müşahidəçi statusu” qazanıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib.

Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib.

BMT TŞ aprelin 8-də Fələstinin tələbini “Yeni Üzvlərin Qəbulu Komitəsi”nə göndərib.

Üzvlüklə bağlı BMT Təhlükəsizlik Şurasına qayıtmalı olan Komitə iki iclasdan sonra razılığa gələ bilmədiyini açıqlayıb.

Bunun ardınca Əlcəzair Fələstinin üzvlüyünə dair qətnamə layihəsini danışıqlara açdı.

captcha