IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 16

İsmail (ə), İbrahimin (ə) oğlu və ərəblərin atasıdır

21:06 - November 22, 2022
Xəbər sayı: 3493303
İsmail (ə), İbrahim (ə) peyğəmbərin ilk övladı idi. O, doğulduqdan sonra Allahın əmri ilə anası Hacərlə birlikdə Məkkə torpağına getdi. Bu köç İslamı vəd edən tarixin başlanğıcı idi.

İsmail Allahın peyğəmbərlərindən biri, İbrahim peyğəmbərin oğlu və İshaqın qardaşıdır. İsmayılın (ə) dini İbrahimin (ə) tövhid dəvətinə uyğun idi. Həmçinin şirk və bütpərəstliyin əleyhinə idi.

Rəvayətlərə görə, onun peyğəmbərliyi bəzi ərəbdilli qəbilələrə rəhbərlik etmək idi. 50 il ərzində onların arasında öz ilahi risalətini yerinə yetirərək onları namaza, zəkata dəvət edib bütlərə ibadət etməkdən çəkindirdi.

 İbrahim (ə) və arvadı Sara uşaq sahibi olmaq üçün ümidsiz olduqları zaman İsmayıl (ə) dünyaya gəldi. İbrahim (ə)  öz arvadının təklifi ilə kənizlərindən olan Hacəri evlənmək və uşaq dünyaya gətirmək üçün seçdi. Deməli, İsmayıl (ə)  İbrahimlə (ə)  Hacərin evliliyinin nəticəsidir.

Lakin İsmailin doğulmasından sonra Sara İshaqı dünyaya gətirdi. O, Hacərlə İsmaili qısqandığı üçün İbrahimdən onları başqa bir ölkəyə göndərməsini istədi. Rəvayətlərə görə, İbrahim (ə) Hacər və İsmaili özü ilə götürüb, Məkkə adlanan susuz və otsuz bir yerə aparır. İbrahim (ə)  Məkkəyə daxil olduqdan sonra arvadını və uşağını orada qoyub geri qayıtdı. İsmayılın ayaqları altında Zəmzəm bulağı qaynadıqdan sonra bu diyar yaşıllaşdı və abad oldu.

Bu yoldan keçən Cərhəm qəbiləsi suyun varlığından xəbər tutduqdan sonra həmin torpaqda məskunlaşdı. Cərhəm qəbiləsi İsmayılın taleyini ərəb xalqının taleyi ilə bağlayan bədəvi ərəbdilli tayfalardan biri idi. Bu tayfanın yanında olması nəticəsində İsmayıl ərəb dilini öyrəndi. Rəvayətlərdə İsmayılın ərəb dilinə o qədər diqqət yetirilmişdir ki, bəzən o, ərəb dilində danışan ilk şəxs sayılır.

İsmayıl bu qəbilənin qızlarından biri ilə evləndi. Tarixi məlumatlara görə, İsmayılın on iki oğlu olub, onların arasından Şueyb (ə) peyğəmbər seçilib.

İsmayıl ərəblərin əsas əcdadlarından biri hesab olunur. Bəzi tarixi kitablarda İsmayıl Əbul-Ərəb (ərəblərin atası) adlandırılır. Həmçinin İsmail İslam Peyğəmbərinin (s) əcdadlarındandır.

İsmayılın həyat hekayətindəki ən mühüm hadisələrdən biri də İbrahimlə (ə) birlikdə Kəbəni tikməsidir. Lakin bəzi tarixi mənbələr Allah evinin tikintisini Adəmə (ə) aid edirlər. İbrahim və İsmayılın Kəbə evini təmir etdirdiklərinə inanırlar. Bundan sonra İsmayıl və övladları Kəbənin örtülməsinə rəhbərlik etdilər.

Qurban kəsmə İsmayıla aid edilən digər mühüm hadisədir. Bəzi mənbələr, xüsusilə də yəhudi mənbələri İbrahimin digər oğlu İshaqın qurban kəsildiyinə inansalar da, İslami mənbələrə və rəvayətlərə görə Allah İbrahimə İsmaili qurban kəsməyi tapşırıb. İsmailə ilahi əmrdən xəbər verildikdə, o, Allah yolunda qurban kəsilməyi qəbul etdi. Lakin İbrahim oğlunun boynuna bıçaqı vuranda Allah İsmayılın yerinə qurbanlıq üçün bir quzu göndərdi.

İsmayılın adı Qurani-Kərimdə 11 dəfə çəkilir. O cümlədən, Ənbiya surəsinin 85-ci ayəsində Həzrət İsmayıl İdris və Zül-Kəfil kimi peyğəmbərlərlə birlikdə səbirlilərdən sayılır.

Rəvayət mənbələri İsmayılın ömrünü 130 il, hətta daha çox yazmışlar. O, Məkkədə anası Hacərin yanında dəfn edilib. İsmail ölümündən əvvəl peyğəmbərliyi qardaşı İshaqa həvalə etdi.

captcha